Pakistan İranın öz ərazisinə hava hücumu təşkil etdiyini təsdiqləyib. Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada İranın heç bir səbəb olmadan Pakistanın hava məkanını pozduğu bildirilib və İranın həyata keçirdiyi hava hücumunda 2 uşağın həyatını itirdiyi, 3 uşağın yaralandığı açıqlanıb. Bəyanatda sözügedən hücum şiddətlə qınanaraq, "Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər" ifadəsi işlədilib.

Bəs bu iki ölkə arasındakı məsələni həll etmək üçün hansı diplomatik addımlar atılmalıdır? Bölgədəki digər ölkələr və təşkilatlar hansı rolu oynayır və onların reaksiyası necə olacaq? QHT.az bu sualları Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlüyə ünvanlayıb. Onun sözlərinə görə, bu ciddi, problemli bir məsələdir, İran Pakistanı öncədən xəbərdar etməli, icazəsin almalı idi: “Düşünmürəm ki, bu iki ölkə arasında münaqişəyə, müharibəyə gətirib çıxara, irəliləyə bilər. Amma istənilən anda gərginlikdir. Dünyanın iki güclü müsəlman dövlətlərinin belə gərginlik yaşaması xoş deyil. İran istər İraq, istərsə də Pakistanda bu cür əməliyyatlar həyata keçirərək elan edir ki, bu terrorçulara qarşı olan bir məsələdir. İraqla, Pakistanla da aralarında ciddi problemlər müşahidə olunur. İran rəsmiləri, hərbi-siyasi dairələri qonşu ölkələrə, ərazi bütövlüyünə bir az hörmətlə yanaşmalıdır. Əks halda ciddi problemlər yaşana bilər”.

QHT sədri həmçinin qeyd edib ki, bölgəmiz - Yaxın və Orta Şərq çox ciddi şəkildə gərginlik mənbəyinə çevrilib, əlavə gərginliklərə isə ehtiyac yoxdur: “Bu mənada diqqətli olmaq lazımdır. Okeanın o biri tayından Amerika, digər qonşu ölkələr də bu məsələyə narazılıqlarını bildirir. Onsuzda İsrail –Fələstin münaqişəsi, İsrailin Fələstinə hücüm etməsi, işğal etməsi ciddi gərginlik yaradıb. Bu məsələlər də gərginliyi daha da artıra bilər”.

Qeyd edək ki, Çin Pakistan və İranı "təmkin" göstərməyə və "gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə" çağırıb. Nazirliyinin sözçüsü Mao Ning əlavə edib ki, Pekin ölkələri “yaxın qonşu” kimi görür: "Ola bilsin ki, vətən torpağına son ölümcül hücumlardan əziyyət çəkən İran, məsul hesab etdiyi şəxslərdən intiqam almaq niyyətində görünür. Regional gərginliyin artdığı bir vaxtda İran güc nümayiş etdirmək və zorakılıq hərəkətlərinin cəzasız qalmayacağını öz əhalisinə nümayiş etdirmək istəyir".

 

Pərvanə Fərhadqızı