İngiltərədə yaşayan 51 yaşlı Robert Qlinn nadir xərçəng xəstəliyinə tutulduğunu biləndə dünyası alt-üst oldu. Həkimlərin yaşamaq üçün bir il verdiyi adam, eksperimental mərhələdə olan müalicədə iştirak etmək təklifini qəbul etdi. Onun hekayəsi bütün dünyada xərçəng xəstələri üçün ümid oldu.
İngiltərənin Uorsli şəhərində yaşayan 51 yaşlı Robert Qlinn ilk olaraq 2020-ci ildə yatmağa qoymayan, şiddətli bel ağrısından əziyyət çəkirdi.

Qaynaqçı işləyən adam ağrıları ilə bağlı dəfələrlə həkimə müraciət edib, müayinələri, qan analizləri həmişə normal olub. Lakin uzun müddət özünü gizlədə bilən xəstəlik kişinin öd kisəsindəki infeksiyadan sonra ortaya çıxıb.

Robertin 49-cu ad günündən bir gün əvvəl ona qaraciyərdaxili öd yollarının xərçəngi diaqnozu qoyuldu. Nadir xəstəlik olan bu xərçəng növü qaraciyərdə kiçik öd yollarında inkişaf edir.

Xəstəlik inkişaf etmiş bir mərhələdə idi və yayılmağa başlamışdı. Robert dərhal xərçəng üzrə ixtisaslaşmış "The Christie" xərçəng xəstəxanasına göndərildi.

Həkimlər burada təkrar müayinə etdikdə Robertin qaraciyərinə yayılan şişlərin əməliyyat oluna bilməyəcək qədər böyük olduğunu müəyyən ediblər.

2 ildir xərçəng olduğu haqda heç bir fikri olmadığını izah edən Robert, aldığı diaqnozdan sonra böyük ümidsizliyə düşdü.

Əməliyyat variantı masada olmadığı üçün mütəxəssislər Roberti standart kimyaterapiya kursuna yerləşdirdilər.

Bütün ümidini itirən Robertin qapısını şans vurdu. Müalicəsi başlayandan qısa müddət sonra səlahiyyətlilər adama xəstəxananın bir müddətdir işlədiyi adı açıqlanmayan eksperimental immunoterapiya dərmanının klinik sınaqlarında iştirak etməyi təklif etdilər.

Bu təklifin digər xəstələrə deyil, ona gəldiyi üçün özünü çox şanslı hiss etdiyini izah edən Robert, "Tədqiqatda iştirak etmək seçimi mənə veriləndə dərhal təklifə atıldım. Yaşamaq müddətimi uzatmaq üçün əlimdən gələni edirdim."

Kimyaterapiya ilə birlikdə eksperimental müalicəyə də qatılan Robert, nəticələr gələndə böyük bir sürprizlə qarşılaşdı.

Müalicə nəticəsində onun qaraciyərindəki şiş 12 sm-dən 2,6 sm-ə, böyrəküstü vəzindəki şiş isə 7 sm-dən 4,1 sm-ə qədər kiçilib. Bu o demək idi ki, kişi bir neçə ay ərzində əməliyyat oluna bilər.
Tədqiqatlarında həkimlər eksperimental müalicənin bütün aktiv xərçəng hüceyrələrini öldürdüyünü aşkar etdilər.

Nəticələrə inanmayan mütəxəssislər bütün testləri yenidən etdi və nəticə eyni oldu.

Tədqiqatda iştirak edən tibb bacısı kişinin vəziyyətini “möcüzə” adlandırdı.

Bu hadisə bütün dünya üzrə xərçənglə mübarizə aparan şəxslərə ümid işığı oldu.