Kanadanın Toronto şəhərində yaşları 13-16 arasında olan səkkiz yeniyetmə qız 59 yaşlı evsiz kişini öldürməkdə günahlandırılıb.

 

QHT.az xəbər verir ki, şübhəlilər polisin bazar günü gecə yarısından sonra baş verən "kütləvi hücum" kimi təsvir etdiyi hadisədə qurbanı bıçaqlamaqda günahlandırılır.

 

Adı açıqlanmayan qətl qurbanının evsizlər üçün sığınacaqda yaşadığı bildirilib.

 

Toronto meri Con Tori qətlin onu çox narahat etdiyini söylədi.

 

Toronto polisinin detektivi Terri Braun jurnalistlərə bildirib ki, qurbanı bıçaq xəsarətləri ilə tapan şahidlər polisə məlumat veriblər.

 

Qısa müddət əvvəl sığınacaqda məskunlaşan zərərçəkənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

 

Kanada qanunlarına görə 18 yaşından kiçik olduqları üçün kimlikləri açıqlanmayan gənc qızlar hadisə yerinin yaxınlığında saxlanılıb.

 

Braun gənc qızların sosial mediada tanış olduğunu və onlardan üçünün polisdə cinayət qeydinin olduğunu bildirib.