“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib ki, Gəncədə və Gəncə ətrafı bölgələrdə qadınların iqtisadi müstəqilliyi və məşğulluğu hələ tam inkişaf etməyib.
Onun sözlərinə görə, Gəncədə qadın məşğulluğu əsasən iki sahəyə bölünür: dövlət və özəl sektor. Dövlət sektorunda qadınlar daha çox ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisələrində, səhiyyə xidmətində və digər dövlət qurumlarında çalışırlar:
"Özəl sektorda isə qadınlar daha çox kiçik sahibkarlıqla məşğuldurlar. Məsələn, əgər kimsə əl işləri düzəldib onları satırsa, bu hətta mikro sahibkarlıq hesab edilmir. Son vaxtlar Gəncədə tez-tez keçirilən sənət sərgiləri və festivallarda qadınlar əl işlərini təqdim edib satırlar. Onların içərisində dükan sahibləri də var; bəziləri məhsulları kənardan gətirir, əsas istehsal əl işləridir. Misal üçün, şam istehsal edənlər məhsulu özləri hazırlayırlar. Həmçinin, qadınlar kiçik bəzək əşyaları, rəsm və s. kimi məhsullar istehsal edirlər".
QHT sədri həmçinin bildirib ki, Gəncə ətrafı rayonlarda – Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafada – qadınlar daha çox aqrar sektorda fəaliyyət göstərirlər:
"Bəziləri sahibkarlıq təsərrüfatları yaradıb. Misal olaraq Taliyə Məsimova Tovuzdan öz təsərrüfatını uğurla qurub. Samux və Göygöldən də bir neçə qadın öz təsərrüfatlarını inkişaf etdirib. Lakin onların da müəyyən problemləri var. İqtisadi müstəqillik dedikdə, əldə olunan gəlirin hamısını bu məqsədə sərf etmək mümkün deyil. Qadınlar iqtisadi cəhətdən müstəqil olmaq üçün güzəştli kreditlərdən istifadə etməlidirlər. Bu gün müəyyən güzəştlər mövcuddur, kənd təsərrüfatı ilə məşğul olanlara subsidiyalar ayrılır".
Pərvanə Fərhadqızı












