“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib ki, aparılan tədqiqatlara görə, qadınların adına təsərrüfatlar yaradılsa da, əksər hallarda işləri kişilər idarə edirlər.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri kişilərin həm öz, həm də qadının adına təsərrüfat yaradaraq aqrar sektorda subsidiya almalarıdır:

"Əldə edilən gəlirdən əlavə dəyər vergisindən azaddırlar. Bununla belə, problemlər və irəliləyişlər mövcuddur. Son üç- beş il ərzində qadınların məşğulluğu artıb. Bu, əsasən dövlət məşğulluq proqramları və kurslar nəticəsində mümkündür; dövlət onlara müəyyən avadanlıqlar verərək iş qurmaq imkanı yaradır. İkinci səbəb isə qadınların özəl sektora daha çox maraq göstərməyə başlamasıdır. Özəl sektorda onlar müəyyən vergiləri ödəməklə işlərini genişləndirə bilirlər".

QHT sədri bildirib ki, dövlət sektorunda isə maaş müəyyən olduğundan daha çox artım mümkün deyil. Təhsil sahəsində çalışan qadınlar özəl təhsil müəssisələrində də fəaliyyət göstərirlər. Ümumilikdə, son illərdə vəziyyət bir qədər yaxşılaşıb, lakin hələ də qaneedici deyil. Təhsil alan və almayan qadınlarımız mövcuddur:

"Tövsiyə olunur ki, kolleclərə və universitetlərə qəbul olunmayan qızlarımız peşə təhsil mərkəzlərinə üz tutsunlar. Azərbaycanda peşə təhsili mərkəzləri yeni qaydada qurulur və burada bir neçə ildən sonra ölkəmiz üçün vacib ixtisaslar mövcuddur. Qadınlar üçün də yaxşı ixtisaslar mövcuddur. Artıq ixtisaslar qadın və kişi ixtisaslarına bölünmür: məsələn, maşın təmiri, avtobus sürücülüyü sahəsində qadınlar da fəaliyyət göstərirlər. Bütün bunlar gender bərabərliyinin təmin edilməsi üçün yaradılmış imkanlardır və qızlarımız bu imkanlardan istifadə etməlidirlər. Peşə təhsil mərkəzlərinə gedərək müəyyən peşələr qazanmalı və daha sonra dövlət məşğulluq proqramı çərçivəsində öz işlərini qurmalıdırlar".

 

Pərvanə Fərhadqızı