Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli qətnaməsin şahidi olduq. Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatçılıq keçirməkdədir.

Bəs Qarabağ və Şərqi Zəngəzur bölgələrinin 30 il ərzində Ermənistan tərəfindən işğalı və talanı barədə Avropa Şurası Parlament Assambleyasının qərəzli qətnaməsinə dair təsir edici əsas məsələlər nələrdir? AŞPA-nın bu qətnamə ilə bağlı siyasi mövqeyi hansı əhəmiyyətə malikdir və nəticədə nə gözləyirsiniz? Bu məsələ ilə bağlı həyata keçiriləcək addımlar haqqında nə düşünürsünüz?

QHT.az bu suallarını Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlüyə ünvanlayıb. Onun sözlərinə görə, AŞPA-nın bu qətnaməsi çox böyük təəssüf doğurur. Azərbaycanın etibarlı bir tərəfdaş, partnyor olduğunu qeyd edən QHT sədri həm AŞPA, həm də Beynəlxal təşkilatlarla bağlı məsələlərdə öz üzərinə götürdüyü öhdəlikləri, qarşılıqlı olaraq görməli olduğu bu işləri yüksək səviyyədə icra etdiyini də vurğulayıb: “Təəssüf ki, belə bir nəticə gəlinib. Hesab edirəm ki, bu qərarı verənlər yaxın müddətdə qərarın ləğvi ilə bağlı, bunun Azərbaycanla münasibət yaratdığı problemlərlərin aradan qaldırmaq istiqamətində addımlar atmalıdırlar. Mən inanmaq istəməzdim ki, bu məsələlərdə gərginliklər genişlənəcək. O həddə gələcək ki, Azərbaycan AŞPA-nı tərk etməyə məcbur olacaqdır. Belə bir nəticənin olmasını gözləməzdim. Hər iki tərəfdə siyasətçilərin bunun düzəldilməsi ilə bağlı lazımı addımlar atacağına inanıram. İstərdim ki, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası istiqamətində, AŞPA ilə münasibətlərdə, Avropa İttifaqı, Avropa Parlamenti və sairə istiqamətlərdə gördüyü işlərlə bağlı qarşı tərəf, avropalı siyasətçilər adekvat addımlar atsınlar. Bu münasibətlər nəinki kəsilsin, daha da genişlənməsi faydalı olardı”.

Qeyd edək ki, Qətnamənin qəbul edilməsindən bir neçə saat əvvəl Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını "qeyri-müəyyən müddətə dayandırmaq" qərarına gəldiyini açıqlayıb. Azərbaycanlı deputatlar verdikləri qərarı qurumda Azərbaycanla bağlı irəli sürülən qətnamənin ölkəyə qarşı “qarayaxma kampaniyası” olması ilə əlaqələndiriblər.

 

Pərvanə Fərhadqızı