Mina qurbanlarının cəmiyyətə tam inteqrasiyası yalnız tibbi yardım və reabilitasiya ilə məhdudlaşmamalıdır.
QHT.az report.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" panel sessiyasında deyib.
Nazir müavini bildirib ki, bunun üçün sosial müdafiə, peşə hazırlığı, məşğulluq və iqtisadi müstəqilliyi təmin edən kompleks mexanizmlərin yaradılması vacibdir.
Onun sözlərinə görə, Azərbaycanın mina təhlükəsi ilə mübarizədə əsas məqsədi mina qurbanlarının reabilitasiyasını təmin etməklə yanaşı, onların müstəqil həyata qayıtmasına və cəmiyyətə tamhüquqlu inteqrasiyasına şərait yaratmaqdır:
"Azərbaycanda mina qurbanlarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Mina çirklənməsi işğaldan azad edilmiş ərazilərdə insanların təhlükəsiz şəkildə doğma yerlərinə qayıtmasına və ərazilərin bərpasına mane olan əsas amillərdən biridir. Bu səbəbdən minatəmizləmə ilə yanaşı, mina qurbanlarının tibbi, psixoloji və sosial reabilitasiyası da mühüm istiqamət kimi müəyyənləşdirilib".












