Norveçdə Rusiyanın xeyrinə casusluq edən Norveç Xarici İşlər Nazirliyinin keçmiş məmuru Arne Treholt Rusiyanın paytaxtı Moskvada 80 yaşında vəfat edib.
QHT.az xəbər verir ki, Norveçin “Aftenposten” qəzetinin məlumatına görə, Treholt Moskvada qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişib.
Treholt 1985-ci ildə Norveç və NATO-nun müdafiə planlarını və həssas siyasi məlumatları keçmiş Sovet İttifaqı ilə 9 ildən çox paylaşdığına görə 20 il həbs cəzasına məhkum edilib.
“Biznes məsləhətçisi” kimi işlədiyini iddia edən Treholt keçmiş Sovet İttifaqının kəşfiyyat orqanı olan Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləyən şəxslərlə görüşdüyünü və onlardan pul aldığını etiraf edib.
Sözügedən casusluq qalmaqalı ortaya çıxdığı dövrdə beynəlxalq mediada geniş işıqlandırılmışdı.
Sonrakı kitablarında casus olmadığını iddia edən Treholtun Norveçdə yenidən məhkəmə araşdırması tələbi rədd edildi.
1992-ci ildə səhhətindəki problemlərə görə əfv olunaraq Norveçi tərk edən Treholt Cənubi Kipr və Moskvada yaşayıb.
Treholtun atası Torşteyn Treholt 1954-1957-ci illərdə Norveçin Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışıb.












