“Düşünürəm ki, Azərbaycanda artıq yetərincə seçki təcrübəsi mövcuddur, seçkilər aşkarlıq şəraitində təşkil olunur, seçkiləri təşkil edən seçki komissiyaları artıq peşəkar şəkildə fəaliyyət göstərir. Bu da çox önəmlidir, çünki bəzən biz vətəndaş cəmiyyəti olaraq müşahidə missiyası çərçivəsində elə ölkələrə gedirik ki, orada məntəqələrdə səslərin sayılması prosesində nə qədər ləngimələrin şahidi oluruq. Bizdə bu sahədə ciddi problem görmürəm”.

Bu fikirləri QHT.az-a açıqlama verən Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib. Seçki komissiyalarının yaxşı təşkil olunduğunu da vurğulayan QHT sədri seçkilərə beynəlxalq diqqətin də böyük olduğunu, seçkilərin müşahidəsini aparan beynəlxalq qurumlarla mütəmadi əlaqə saxladıqlarını, seçki öncəsi onlarla görüşlərinin də planlaşdırılacağını da qeyd edib: “Seçki günü üzvlərimiz və idarə heyəti fəal şəkildə seçki prosesini izləyəcik, regiondan olan gəncləri də bu prosesə cəlb etməyi düşünürük. Bu ildən start verərək gənclərlə seçki mövzusunda fəal iş aparacağımızı planlaşdırırıq. Hesab edirəm ki, qələbəmizdən sonra insanlarda seçkilərə maraq daha da artmalıdır. Onlar seçki prosesində nə qədər fəal olsalar, seçkidə qalib gələn iqtidar da onların ehtiyaclarını qarşılamaq üçün daha çox işlər görəcək. Bu qarşılıqlı bir prosesdir”.

 

 

Pərvanə Fərhadqızı