Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün yuxu mövqeyi onurğa sağlamlığının qorunmasında mühüm rol oynayır. Ortopediya və Travmatologiya üzrə professor Turqut Akgül qarnı üstə yatmağın boyun və onurğa üçün mənfi təsirlər yarada biləcəyini bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, professorun sözlərinə görə, qarnı üstə yatmaq boyun fəqərələrinin həddindən artıq fırlanmasına səbəb olur. Bu isə zamanla boyun ağrıları, əzələ spazmları və digər onurğa problemlərinin yaranma riskini artıra bilər. O, onurğa sağlamlığı üçün ən uyğun yuxu mövqelərinin kürəyi üstə və ya yan üstə yatmaq olduğunu vurğulayıb.

Akgül qeyd edib ki, təkcə yuxu mövqeyi deyil, həm də yanlış yataq seçimi, siqaret istifadəsi və müasir dövrdə geniş yayılmış oturaq həyat tərzi onurğa sağlamlığını ciddi şəkildə təhdid edir.

Mütəxəssis düzgün duruşun da böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, kompüter qarşısında işləyərkən, ayaq üstə dayanarkən və ya yeriyərkən baş çiyinlərin üzərində, çiyinlər geridə, onurğa isə düz vəziyyətdə saxlanmalıdır.

Professor diqqətə çatdırıb ki, başın hər 2,5 santimetr irəli əyilməsi boyun fəqərələrinə düşən yükü təxminən 4,5 kiloqram artırır. Bu vəziyyət uzun müddət davam etdikdə boyun disk yırtığı, əzələ spazmları və digər onurğa problemlərinin yaranmasına səbəb ola bilər.