Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin həm ölkə, həm region, həm də dünya üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatlarının əməkdaşlığı, qarşılıqlı dəstəyin artırılması, ekoloji problemlərə qarşı birgə mübarizə, təhlükəsizlik və digər vacib sahələrdə fəaliyyət yeni perspektivlər açır:

"Vətəndaş cəmiyyətlərinin əməkdaşlığı, inkişafı, gücləndirilməsi, ekoloji problemlərə qarşı birgə mübarizə, təhlükəsizlik məsələləri ilə bağlı olaraq bir-birimizə dəstəyin verilməsi bütün istiqamətlərdə yeni imkanlar yaradır. Bu həm ölkəmiz, həm region, həm də dünya üçün əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinə yol açır.”

Rauf Zeyni bildirib ki, formda iştirak edən müxtəlif ölkələrin nümayəndələri panellərdə maraqlı fikirlər səsləndirib və mövqelərin çoxunun üst-üstə düşməsi sevindiricidir:

"Türk dünyası demək olar ki, eyni mövqedədir. İstər Zəngəzur dəhlizi, istər vətəndaş cəmiyyətinin inkişafı, eləcə də müstəqilliyimiz, dövlətçiliyimiz, təhlükəsizliyimiz, ekologiyamızın qorunması, iqtisadi və mədəni əlaqələrin genişlənməsi məsələlərində fikirlər bir istiqamətdədir.”

QHT sədri həm milli QHT-lərin, həm də ümumilikdə vətəndaş cəmiyyəti institutlarının bu əməkdaşlıqdan böyük imkanlar əldə etdiyini vurğulayıb:

"Mütərəqqi düşüncəli insanlarla, QHT liderləri ilə əməkdaşlıq bizim üçün xoşdur. Bu, ölkəmizin, regionumuzun, türk dünyasının və bütövlükdə bəşəriyyətin xilasına xidmət edən böyük bir hərəkatdır, böyük bir platformadır. Xeyirli, uğurlu və davamlı olsun.”

 

Pərvanə Fərhadqızı