Bakı İctimai Əməkdaşllq Mərkəzinin sədri Rauf Zeyni 24 noyabr 2025-ci ildə keçirilmiş Türk Dünyası QHT-lərinin Zirvə Toplantısını Türk dünyasının vətəndaş cəmiyyəti üçün tarixi hadisə kimi dəyərləndirib.

Onun sözlərinə görə, bu forum son 20–30 il ərzində planlaşdırılan, lakin müxtəlif səbəblərdən reallaşa bilməyən böyük bir ideyanın həyata keçməsi deməkdir:

“Dövlət Dəstəyi Agentliyi və TK Ortaq Dəyərlər İctimai Birliyi birlikdə Türk Dünyası QHT-lərinin zirvə toplantısına imza atdı. Bu, həm əməkdaşlıq, həm həmrəylik, həm də Türk dünyasının qeyri-hökumət təşkilatları üçün yeni bir platformadır. Forumda səkkiz türkdilli ölkə və Macarıstan iştirak edib və bu, inteqrasiyanın coğrafiyasının genişliyini göstərir. Tədbirin 24 noyabrda Bakıda, 25–26 noyabrda isə Naxçıvanda davam etməsi Türk Dövlətləri QHT Platformasının təsis olunması ilə nəticələnib. Bu, o deməkdir ki, türk dünyasında vətəndaş cəmiyyəti üçün tamamilə yeni, möhtəşəm bir platforma yaradıldı. Bu təşəbbüs genişmiqyaslı əməkdaşlığa ciddi təkan verəcək.”

Rauf Zeyni forumun təşkilinə görə Azərbaycan dövlətinə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və TK Ortaq Dəyərlər İctimai Birliyinə təşəkkür edib:

“20 il əvvəl mən Türk Dünyası QHT-lərinin birinci Bakı Forumunun keçirilməsi ilə bağlı layihə təklifi vermişdim. O vaxt müəyyən səbəblərdən bu mümkün olmadı, amma TK həmin vaxt da dəstək göstərmiş, 20 min dollar ayırmışdı. Bu gün isə gec də olsa, bu tarixi hadisəni gerçəkləşdirmək nəsib oldu. Keçirilmiş Zirvə Toplantısı türk ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında strateji əməkdaşlığın əsasını qoyur və gələcəkdə daha geniş miqyaslı birgə təşəbbüslərə yol açacaq. Möhtəşəm tədbir qeyri-hökumət təşkilatlarının strateji əməkdaşlığına böyük təkan verdi və bundan sonra bu əməkdaşlıq daha da güclənəcək.”

 

Pərvanə Fərhadqızı