BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva qadınlara qarşı zorakılıqla bağlı dünyadakı vəziyyətə toxunaraq QHT.az -a bildirib ki, BMT-nin hesabatına əsasən, hər üç qadından biri həyatında heç olmasa bir dəfə zorakılığa və ya kobud rəftara məruz qalır. QHT sədri vurğulayıb ki, qadın hüquqlarına diqqət göstərilməsi və onların müdafiəsi cəmiyyətin sağlam inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Zenfira Mustafayeva qeyd edib ki, rəhbərlik etdiyi təşkilat qadınların:
-
zorakılığa məruz qalmamaları,
-
sosial və iqtisadi imkanlarının inkişaf etdirilməsi,
-
öz mənəvi və fiziki potensiallarını dərk etmələri,
-
kişilərlə bərabər olduqlarını hiss etmələri
üçün daim dəstək göstərir və müxtəlif layihələr həyata keçirir.
"Qadınların özlərini cəmiyyətdə təsdiqləmək, bacarıq və imkanlarını genişləndirmək məqsədi ilə daim maarifləndirmə, peşə kurslarına yönəltmə, psixoloji və hüquqi dəstək göstərməklə, işlə təminat və s. tədbirlər həyata keçirmişdir. Zəif cinsin nümayəndələri sayılan qadınlar eyni zamanda cəmiyyətdə və ailədə öz hüquqlarının məhdudlaşdırılması, cinsi zəmində ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalma ilə barışmamalıdırlar. Onların hüquqlarının qorunması cəmiyyətimizin inkişafı və sağlam gələcəyi deməkdir. Qadının hüquqları varsa, demək, sağlam nəslin formalaşması, xalqımızın genetik saflığının qorunub saxlanması da var".
Pərvanə Fərhadqızı












