Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri, həmçinin təşkilata üzv ölkələrin vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyi barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, dünən keçirilmiş tədbir bir daha göstərdi ki, türk dövlətlərinin QHT-ləri arasında əlaqələrin gücləndirilməsi artıq strateji zərurətə çevrilib:

“Türk Dövlətləri Təşkilatı gələcəkdə dünyada möhtəşəm güc mərkəzinə çevrilmək iddiasında olan bir qurumdur. Bu prosesdə iqtisadi, siyasi və mədəni əməkdaşlıqla yanaşı, vətəndaş cəmiyyəti institutlarının da töhfələri son dərəcə vacibdir. Azərbaycanın QHT-lərinin Türkiyə ilə uzun illərdir uğurlu əməkdaşlığı mövcuddur. Son illərdə isə Mərkəzi Asiya respublikalarının vətəndaş cəmiyyəti ilə əlaqələrin genişlənməsi yeni imkanlar yaradır. Türk xalqları eyni dilə, mədəniyyətə və kökə bağlı olan xalqlardır. Bu ortaq dəyərlər inteqrasiyanın dərinləşməsinə mühüm təsir göstərir. Mərkəzi Asiya respublikalarının QHT-ləri öz potensiallarını əməkdaşlığa yönəltməkdə çox iddialıdırlar və bu, bizi sevindirir.”

QHT sədr həmçinin qlobal miqyasda gedən geosiyasi və geoiqtisadi proseslərin, qütbləşmələrin fonunda Türk Dövlətləri Təşkilatının genişlənməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Azərbaycan və Türkiyə bu təşkilata böyük töhfələr verməkdə davam edir. Hesab edirəm ki, Azərbaycanın QHT sektoru da bu əməkdaşlıq prosesində fəal iştirak edəcək və öz potensialını ortaya qoyacaq. Yaxın illərdə türk dövlətlərinin QHT-ləri arasında birgə layihələr, qrant proqramları və müsabiqələr həyata keçiriləcək və bütün bunlar bölgədə əməkdaşlığı daha da gücləndirəcək".

QHT sədr, həmçinin Zəngəzur dəhlizinin reallaşmasının Türk Dövlətləri Təşkilatına və regional əməkdaşlığa mühüm töhfə verəcəyini vurğulayıb:

“Azərbaycanın möhtəşəm Zəfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər uğurlu addımlar atılır. Türk Dövlətləri Təşkilatı da bu əməkdaşlığa öz töhfəsini verəcək. Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında zəruri əməkdaşlıq xəttinə çevrilməkdədir. Vətəndaş cəmiyyətinin nümayəndələri də bu prosesə informasiya və mənəvi dəstək göstərməkdədir və göstərəcəklər. Bu tendensiya gələcəkdə də müsbət təsirini göstərəcək. Çox müsbət haldır ki, dünən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əhatəli müzakirələr apardıq. Düşünürəm ki, yaxın illərdə birgə layihələrə imza atılacaq. Bir daha diqqətinizə görə təşəkkür edirəm."

 

Pərvanə Fərhadqızı