Artıq dəqiqdir ki, Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan təyyarəsi Çeçenistanın Naurski rayonunda yerləşdiriən HHM sistemləri vasitəsilə vurulub. Hazırda ölkə olaraq Rusiyadan rəsmi şəkildə üzr istənilməsini gözləyirik!
Bəs tarixdə baş vermiş oxşar hadisələr zamanı, dövlətlər necə hərəkət edib və hadisənin nəticəsi necə olub?
1983-cü ildə Koreyanın Boeing 747 təyyarəsi sovet hava məkanına daxil olduğu üçün bir sərnişin təyyarəsi olmasına baxmayaraq Sovet Hərbi Hava Qüvvələri tərəfindən vuruldu. Təyyarədə olan 269 nəfər həlak oldu. Reaksiya necə oldu? Sovet İttifaqı əvvəlcə məsuliyyəti inkar etdi, sonra isə təyyarənin casusluq məqsədli uçuş həyata keçirdiyini iddia etdi. Heç vaxt üzr istəmədi. Bu hadisə beynəlxalq qınağa səbəb oldu və ABŞ ilə Sovet İttifaqı arasında gərginliyi artırdı. Nəticədə ABŞ GPS texnologiyasını mülki istifadəyə açdı.
2014-cü ildə Amsterdamdan Kuala Lumpur şəhərinə uçan Boeing 777 təyyarəsi Ukraynanın şərq ərazisində vuruldu. 298 nəfər həlak oldu. Beynəlxalq araşdırmalar təyyarənin Rusiya tərəfindən dəstəklənən separatçılar tərəfindən vurulduğunu aşkar etdi. Rusiya məsuliyyəti qəbul etmədi və araşdırmalara mane olur və üzr istəmir.
Bəs ruslar niyə üzr istəmək istəmirlər? Bunun səbəbi nədir? Əvvəla üzr istəmək məsuliyyəti qəbul etmək deməkdir və bu zərərçəkən tərəfə qarşı hüquqi məsuliyyəti artırır. Dövlətlər adətən bu riski azaltmaq üçün məsuliyyəti inkar etməyə çalışırlar. Üzr istəmək çox vaxt təzminat ödənilməsini də tələb edir. Üzr istəmək müəyyən hallarda rəqib ölkələr tərəfindən siyasi təzyiq vasitəsi kimi istifadə edilə bilər. Bu isə dövlətin beynəlxalq arenadakı mövqeyini zəiflədə bilər. Rusiya hər zaman öz addımlarını qanuni və əsaslı olaraq təqdim etməyə çalışır. Məsuliyyət qəbul etmək bu mövqeyi zəiflədə bilər. Bundan sonrakı bənzər hadisələrdə də hər dəfə üzr istəmək dövlətin avtoritetini zədələyə bilər. Sovet dövründən gələn ideologiya adətən qərb dövlətlərinin təsiri qarşısında hər hansı güzəştə getməyi və ya üzr istəməyi qəti şəkildə qəbul etmir. Həmçinin bəzi millətçi qüvvələr belə addımı hökumətin zəifliyi kimi təqdim edir! Burada əsas məsələ dövlətin super güc imicinin zədələnməməsinə hesablanıb.
Kənan Məmmədov
"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri












