İngiltərədə aparılan yeni araşdırma göstərib ki, həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılması gələcəkdə beyin sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Honq Konq Elm və Texnologiya Universitetinin alimləri araşdırma çərçivəsində İngiltərənin “Biobank” layihəsində qeydiyyatdan keçmiş təxminən 65 min nəfərin məlumatlarını təhlil ediblər.

Tədqiqatda İngiltərədə şəkər məhdudiyyətinin aradan qaldırılmasından sonra insanların qidalanma vərdişlərində şəkər istehlakının sürətlə artmasının uzunmüddətli sağlamlıq nəticələri araşdırılıb.

Nəticələrə görə, həyatının ilk iki ilində şəkər qəbulu məhdudlaşdırılan şəxslərdə demensiya (bunama) riski 23 faiz daha aşağı olub. Eyni zamanda, bu şəxslərdə xəstəliyin diaqnozu orta hesabla 2,5 il daha gec qoyulub.

Araşdırmanın müəlliflərindən Jiazhen Zheng bildirib ki, əldə olunan nəticələr erkən yaşlarda şəkər istehlakının məhdudlaşdırılmasının beyin sağlamlığı üçün uzunmüddətli faydalar verə biləcəyini göstərir.

Tədqiqatın nəticələri Neurology jurnalında dərc olunur.