16 oktyabr hər il BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Ümumdünya Qida Günü kimi qeyd olunur. 

QHT.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkədə sürətlə dabaq xəstəliyi yayılır və bu xəstəlik heyvanlardan insanlara keçə bilər. O, istehlakçılara ciddi tövsiyələr verib:

“Əti hər zaman yaxşı bişirin. Dabaq xəstəliyi tutmuş heyvanın ətindən ciddi xəstəliklər insanlara keçə bilər. Xüsusilə kabab kimi az bişmiş ət məhsullarından uzaq olun. Pendir və digər süd məhsulları kifayət qədər qaynadılmalıdır. Təsadüfi yerlərdən alınan məhsullarda da ciddi xəstəlik riski mövcuddur.”

E.Hüseynov məhsul seçərkən etiket, yararlılıq müddəti və saxlanma şəraitinə diqqət yetirməyin vacibliyini vurğulayıb:

“İstehlakçılar alış-veriş zamanı məhsulun etiketini diqqətlə oxumalı, yararlılıq müddətinə baxmalı və qısa müddətli mallara üstünlük verməlidirlər. Yararlılıq müddəti keçmiş məhsullar, düzgün saxlanılmasa, təhlükəli ola bilər. Saxlanma şəraiti isə məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. Həmçinin riskli qidalar — göbələklər, konservlər, hisə verilmiş ətlər, toyuq və balıqların diqqətlə seçilməsini tövsiyə edirəm. Təsadüfi yerlərdən göbələk yığmaq insanların sağlamlığı üçün böyük risk daşıyır. Bu, bir anda ciddi zəhərlənmələrə və hətta ölümlərə səbəb ola bilər. Hər zaman şübhəli məhsulları 1003 qaynar telefon xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildirmək lazımdır.”

Eyyub Hüseynov qeyd edib ki, bu tövsiyələr istehlakçıların sağlamlığı və təhlükəsiz qida təminatı baxımından həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə kənd yerlərində və bazarlarda alınan məhsulların təhlükəsizliyi daim nəzarət altında saxlanmalı, istehlakçılar da öz tərəfdən ehtiyat tədbirləri görməlidirlər:

"Yalnız etibarlı mənbələrdən məhsul alın, qida məhsullarını düzgün bişirin və saxlama qaydalarına riayət edin. Bu, həm şəxsi sağlamlığı qorumaq, həm də qida zəncirində təhlükəsizliyi təmin etmək baxımından vacibdir".

 

Pərvanə Fərhadqızı

QHT.az