ABŞ hökumətinin maliyyələşdirdiyi Aclığın Erkən Xəbərdarlıq Sistemləri Şəbəkəsi (FEWS NET) Əfqanıstan, Somali və Yəmən üzrə hesabatların hazırlanmasını yenidən bərpa edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, təxminən 40 ildir fəaliyyət göstərən FEWS NET dünyada aclıq və ərzaq böhranlarını izləyən əsas sistemlərdən biridir. Sistem iqlim, bazar vəziyyəti və əhali köçlərini təhlil edərək humanitar yardım qərarlarının qəbuluna dəstək verir.

Avqustun ortalarında sözügedən üç ölkə FEWS NET-in ən təcili ərzaq yardımı ehtiyaclarını müəyyən edən hesabatından çıxarılmışdı. Bu qərar humanitar yardım sektorunda narahatlıq yaratmış, müxtəlif təşkilatlar və ekspertlər məsələ ilə bağlı xəbərdarlıq etmişdilər.

Son qərarla Əfqanıstan, Somali və Yəmən üzrə hesabatların yenidən təqdim olunmasına başlanılıb. Bu məlumatların aclıq təhlükəsinin vaxtında müəyyənləşdirilməsi və humanitar yardımın ehtiyacı olan ərazilərə yönləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilir.