Afrikada məşğulluq problemi getdikcə dərinləşir. 2050-ci ilə qədər dünya üzrə əmək qabiliyyətli əhalinin dörddə birinin Afrikada yaşayacağı gözlənilir. Lakin qitə ölkələri artan əmək qüvvəsi üçün kifayət qədər formal iş yeri yarada bilmir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Wasoko şirkətinin təsisçisi Daniel Yu afrikalılar üçün daha yüksək maaşlı iş yerlərinin yaradılması məqsədilə 100 milyon dollar vəsait toplamağı hədəfləyən “Africa Jobs Fund” fondunu yaradıb. Fond Renaissance Philanthropy-nin dəstəyi ilə fəaliyyət göstərir və daha məhsuldar iş yerləri yarada biləcək bizneslərə investisiya etməyi planlaşdırır.
Fond əsasən ixrac yönümlü istehsal və beynəlxalq əmək miqrasiyasına diqqət yetirir. İstehsal müəssisələrinin və fabriklərin inkişafının yeni iş yerləri yaratmaqla yanaşı, əməkhaqlarını da artıracağı gözlənilir. Beynəlxalq miqrasiya isə afrikalı işçilərin daha yüksək gəlir əldə etməsinə və ailələrinə pul göndərməsinə imkan yarada bilər.
Məqalədə həmçinin ABŞ-ın AGOA proqramının yenidən uzadılmasına toxunulur. Proqramın davam etdirilməsi Afrika ölkələrinin ABŞ bazarına çıxışını və ixrac yönümlü istehsalın inkişafını dəstəkləyə bilər.












