MİDA-nın Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 535 mənzili güzəştlə satışa çıxarıb və növbəti satışın ilin sonuna planlaşdırılıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli QHT.az-a açıqlama verib.
Xalid Kərimli bildirib ki, güzəştli mənzillərin bazara çıxarılması müsbər haldır və əhalinin mənzillərə əlçatanlığını artırır.
İqtisadçı vurğulayıb ki, əsas problemlər elektron satış zamanı müşahidə olunan neqativ hallarla bağlıdır:
"Burada əsas problemlər elektron satış zamanı müşahidə olunan neqativ hallarla bağlıdır. Bəzən üç-beş saniyə ərzində proqramlardan istifadə etməklə müəyyən üstünlüklər əldə edilməsi kimi hallar müşahidə olunur. Bu cür neqativ halların mümkün qədər aradan qaldırılması istiqamətində addımlar atılmalıdır ki, mənzillər doğrudan da daha çox ehtiyacı olan şəxslərə çatsın və prosesdə möhtəkirliyin qarşısı alınsın. Amma ümumilikdə prosesin özünü müsbət qiymətləndirirəm".
X.Kərimlinin sözlərinə görə, regionlarda güzəştli mənzillərə olan tələbat əvvəlcədən araşdırılmalıdır:
"Regionlarda da güzəştli mənzillərə ehtiyac var. Lakin burada əsas məsələ həmin regionlarda tələbatın əvvəlcədən öyrənilməsidir. Bütün rayonları əhatə etməkdənsə, doğrudan da tələbatın olduğu ərazilər müəyyənləşdirilməli, hökumət bu istiqamətdə analiz aparmalıdır. Bu, eyni zamanda regionlardan Bakıya miqrasiyanın qarşısının alınmasına da kömək edə bilər".
İqtisadçı qeyd edib ki, mənzil layihələri real tələbat və əhalinin alış qabiliyyəti nəzərə alınmaqla həyata keçirilməlidir:
"Əsas məsələ odur ki, həmin ərazidə real tələbat və mənzilləri almaq qabiliyyəti olsun. Bundan sonra layihələr həyata keçirilməlidir. Çünki tikilən mənzilləri boş saxlamaq da doğru deyil. Bu, ölkə sərvətinin səmərəli yerləşdirilməsi baxımından vacibdir".
Xalid Kərimli hesab edir ki, güzəştli mənzil layihələri iri regional şəhərlərlə yanaşı, Bakı ətrafında da genişləndirilə bilər:
"Xüsusilə iri regional şəhərlərdə bu cür layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edirəm. Bakı ətrafında, xüsusən də şəhərin mərkəzindən kənarda yerləşən geniş periferik ərazilərdə də tələbatın daha yüksək olacağını düşünürəm. Bununla yanaşı, Bakıdan kənarda yerləşən böyük regional şəhərlərdə də bu addımlar atıla bilər".
Fatimə Nəbiyeva












