Dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq, qeyri-hökumət təşkilatı olan "Amnesty International" 65 ildən artıq insan hüquqları fəaliyyəti tarixini əks etdirən ilk virtual muzeyini istifadəyə verib. “Stories That Resist” adlı muzey 360 dərəcəlik interaktiv formatda hazırlanıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, muzeydə beş tematik qalereya və təşkilatın arxivindən 50-dən çox tarixi material təqdim olunur. Burada foto və videolar, mühüm kampaniyalara aid əşyalar, mükafatlar və insan hüquqları uğrunda mübarizə aparan şəxslərin hekayələri yer alır.
Virtual muzeydə Amnesty International-ın 1977-ci ildə qazandığı Nobel Sülh Mükafatının tarixi də təqdim edilir. Həmçinin təşkilatın ən yüksək mükafatı olan “Vicdan səfiri” mükafatının Nelson Mandela, Malala Yousafzai, Ai Weiwei, Alicia Keys və Greta Thunberg kimi laureatları haqqında məlumat verilir.
Layihə yeni auditoriyaları insan hüquqları hərəkatının tarixi ilə tanış etmək və gələcək nəsilləri bu mübarizəyə qoşulmağa təşviq etmək məqsədi daşıyır. Muzey ingilis, ispan və portuqal dillərində, əlçatanlıq imkanları ilə hazırlanıb və dünyanın hər yerindən pulsuz ziyarət edilə bilər.












