Qoxuların tarixi üzrə mütəxəssis, York Universitetinin alimi Dr. Uill Tallett bildirib: “Uşaqların qoxu hissi üzrə daha yaxşı təhsil alması onların rifahına və ətraf mühiti daha yaxşı anlamasına kömək edə bilər”.

QHT.az xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, çirklənmə insanların qoxu hissini zəiflədir, bir çox məhsul isə təbii qoxusunu itirərək sintetik qoxularla əvəz olunur. “Bu sintetik qoxuların müxtəlif qoxuları ayırd etmə qabiliyyətimizə necə təsir etdiyi hələ də açıq sualdır”.

Tallett hesab edir ki, qoxu hissinin inkişafı üçün uşaqlara məktəbdə və evdə qoxuları tanımaq vərdişi aşılanmalıdır. O bildirib: “Nə qədər çox fərqli qoxu hiss etsək, onları təsvir etmək və ayırd etmək bacarığımız da bir o qədər inkişaf edər”.

Alim əlavə edib ki, qoxu hissi qidanın təzəliyini qiymətləndirmək, ətraf mühiti anlamaq və psixoloji sağlamlıq üçün də mühüm əhəmiyyət daşıyır.

Dr. Tallett vurğulayıb: “Keçmiş indidən daha pis qoxumurdu, sadəcə fərqli qoxuyurdu”. Onun fikrincə, insanlar həm öz qoxu seçimlərinə, həm də başqalarının qoxu zövqünə daha anlayışla yanaşmalıdırlar.

Zəhra Mansırova