Aorta yırtılması(aorta disseksiyası) ürəkdən bədənə qan daşıyan ən böyük damar olan aortanın daxili qatının cırılması nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Mütəxəssislərin sözlərinə görə, bu xəstəlik nadir rast gəlinsə də, təcili tibbi müdaxilə tələb edir və vaxtında müalicə olunmadıqda ölüm riski yüksəkdir.
Türkiyə Kardiologiya Dərnəyinin məlumatına əsasən, aorta disseksiyası cəmiyyətdə hər 100 min nəfərdən 2–4-də müşahidə olunur. Risk qrupuna aorta anevrizması (aortanın genişlənməsi) olan şəxslər, yüksək qan təzyiqindən əziyyət çəkənlər və hamilə qadınlar daxildir.
Mütəxəssislər bildirirlər ki, yaş artdıqca aorta xəstəliklərinin yaranma ehtimalı da yüksəlir. Xüsusilə 65–70 yaşdan yuxarı insanlarda risk əhəmiyyətli dərəcədə artır və bu yaş qrupunda kişilərdə aorta anevrizması qadınlarla müqayisədə təxminən dörd dəfə daha çox qeydə alınır.
Genetik meyillilik, siqaret çəkmək, şəkərli diabet, xroniki stress, qeyri-sağlam qidalanma və oturaq həyat tərzi də əsas risk amilləri sırasında göstərilir. Həkimlər qeyd edirlər ki, aorta cırılmasını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Buna görə də risk qrupuna daxil olan şəxslərin mütəmadi tibbi müayinədən keçməsi tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, ailəsində aorta xəstəliyi olan insanlar sadə ultrasəs müayinəsi vasitəsilə erkən diaqnostika imkanından yararlana bilərlər. Erkən aşkarlanma xəstəliyin ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır.












