7 Mart 2023-cü il tarixində Azərbaycanda “Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfransda Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova salamlama nitqi ilə çıxış edərək, qadınların öz hüquqlarını əldə etmək, bu hüquqlardan istifadə etmək və onun nəticəsində qazanılan nailiyyətlərini qeyd etmək baxımından yaranan Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.


B.Muradova qeyd edib ki, bizim bütün istiqamətlərdə fəaliyyətimiz insana, onun mənafeyinə, təhlükəsizliyinə yönəlsə də, imkanlarımız onları bundan məhrum edən səbəblərin aradan qaldırılmasına yönəlir. 
Şanlı qələbədən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini bildirən sədr, münaqişə dövründə hüquqları pozulmuş qadın və uşaqların ailələri ilə birgə öz yurd-yuvalarına qayıtmaları üçün genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib. O, Azərbaycanın bütün qanunvericiliyində mükəmməl şəkildə təsbit olunan hüquqların imkanlara və nəticələrə çevrilməsi istiqamətində həyata keçirilən çalışmaların səmərə verəcəyinə inamını ifadə edib. 


İctimai sektorun bu təşəbbüsünün hökumət tərəfindən alqışlandığını vurğulayan Komitə sədri, yalnız kollektiv olaraq səyləri birləşdirməklə problemlərin həllini tapacağını və gözlənilən nəticələr əldə etməyin mümkün olduğunu bildirib. O, “Biz qaldırılan bütün məsələləri, həm problemləri, həm çətinlikləri həm də vacib istiqamətləri nəzərə alaraq birlikdə aradan qaldırmağa çalışacağıq”-deyə əlavə edib.