7 Mart 2023-cü il tarixində Azərbaycanda “Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib.

 

QHT.az xəbər verir ki, konfransda çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan dövləti olaraq, siyasətimizdə hər zaman qadınlarımızın rolunun, onların fəaliyyətinin daha da genişləndirilməsini rəhbər tutmuşuq.

 

Azərbaycan qanunvericiliyində qadın hüquqları tam şəkildə təsbit olunubdur, hər hansı ayrı-seçkiliyə yol verilməməsinə dair müddəalar təsdiq olunubdur. O qeyd edib ki, ötən il nazirlik tərəfindən 30 mindən çox qadına aktiv məşğulluq tədbirləri təqdim edilib ki, buraya həm işədüzəltmə, həm özünüməşğulluq proqramı, peşə hazırlığı proqramı, ictimai işlər proqramı və digər müxtəlif proqramlar daxildir. 

 

S. Babayev bildirib ki, qadınların əmək bazarında iştirakının artırılması üçün peşə hazırlığının genişləndirilməsi, qadın sahibkarlığının genişləndirilməsi və özünüməşğulluq proqramının təşviqatının aparılması üçün beynəlxalq tərəfdaşlarla birlikdə layihələr icra olunmuşdur. Paralel olaraq sosial müdafiə sahəsində qadınların hüquqlarının daha da geniş təmin olunması üçün işlər görülmüşdür. Son 4 ildə ölkə başçısının təşəbbüsü ilə 4 sosial islahat paketi həyata keçirilmişdir.