7 Mart 2023-cü il tarixində Azərbaycanda “Qadın Gündəliyi”- Milli Dialoq Platformasının ictimaiyyətə təqdim olunması ilə bağlı konfrans keçirilib. 


QHT.az xəbər verir ki, dövlət qurumları, diplomatik korpus, qadın və gender təşkilatları, hökumət rəsmiləri, beynəlxalq tərəfdaşlar, digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, qadın liderliyi və qadınların siyasi, iqtisadi, sosial və mədəni məsələlərdə qərarların qəbul edilməsi proseslərində təmsilçiliyi müzakirə edilib. 


FemACT Azərbaycan Qadın Fondunun təsisçisi Pərvanə Məmmədova Azərbaycanda “Qadın Gündəliyi”nin müəyyən edilməsi üzrə Milli Dialoq Prosesinin yaradılması məqsədi haqqında məlumat verib. Platformanın təqdimat mərasiminin Qadınlar Gününə həsr edilməsini xüsusi qeyd edən P. Məmmədova deyib ki, qeyri-hökumət təşkilatları, gender məsələləri üzrə ekspertlər, qadın koporativləri, icma əsaslı lider və kənd qadınlarının iştirakı ilə formalaşmış Platformanın tərkibində doqquz işçi qrupu yaradılıb. 


O, Azərbaycanda gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi və inkişafı üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin səyləri nəticəsində 1 ildən artıqdır ki, “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının yaranması ilə bağlı çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. P. Məmmədova bildirib ki,  konsolidasiya edilmiş sənəd gender sahəsi üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumları arasında dialoqun başlanması ilə qadınların cəmiyyətin bütün sahələri üzrə faydalı iştirakçılığını stimullaşdıracaq.