"Konstitusiya dövlətin hüquq sisteminin mərkəzində duran və onun siyasi, hüquqi və institusional quruluşunu müəyyən edən əsas normativ sənəddir. O, hakimiyyətin bölünməsi prinsipini, dövlət orqanlarının səlahiyyətlərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyənləşdirən ali hüquqi normadır".
QHT.az xəbər verir ki, bu sözləri Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən:
-
hakimiyyətin mənbəyi xalqdır (maddə 1) – bu, dövlətin legitimliyinin əsasını təşkil edir;
-
dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının təmin olunmasıdır (maddə 12) – bu norma ölkənin sosial dövlət mahiyyətini və insan hüquqlarının prioritetliyini göstərir.
Konstitusiya təkcə hüquqi sənəd deyil, həm də cəmiyyətin ədalət, azadlıq və hüquqi təhlükəsizlik dəyərlərini ifadə edən sosial-fəlsəfi nizamdır. Fərdi azadlıqla kollektiv nizam arasında tarazlığı təmin edən bu sənəd, Russo-nun ictimai müqavilə konsepsiyasında olduğu kimi, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin yazılı formasıdır".












