“Prezident İlham Əliyevin Sahil Babayevi Maliyyə naziri təyin etməsi cənab Prezidentin ona göstərdiyi böyük etimadın ifadəsidir. Şübhəsiz ki, bu təyinat həm islahatların, həm də yeni yanaşmaların başlanacağına dair ciddi gözləntilər yaratmışdı. Ötən dövrdə dəfələrlə müşahidə etmişik ki, özünü islahatçı nazir kimi doğrultmuş Sahil Babayevin vətəndaş cəmiyyəti sektoruna xüsusi diqqəti olub.”

Bu fikirləri QHT.az-a açıqlamasında  “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

İctimai birlik sədri qeyd edib ki, digər mühüm məqam isə elektronlaşma prosesinin prioritet seçilməsi, şəffaflığın artırılması və idarəetmədə modern yanaşmaların tətbiqi idi.
“Artıq bu islahatların nəticələri görünməyə başlayır. Büdcə sənədlərinin məzmununun və dərc müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının yaradılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, həmçinin büdcə prosesinin müxtəlif mərhələlərinin tam avtomatlaşdırılması ilə bağlı aidiyyəti strukturlara ciddi tapşırıqlar verilib və bu istiqamətdə vacib işlər görülür. Bu proses büdcə prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirak imkanlarının genişlənməsinə, eləcə də dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.”

C.Hüseynzadə bildirib ki, yaxşı bilirik ki, Prezident İlham Əliyev dəfələrlə ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. Vətəndaş cəmiyyəti təşkilatları olaraq biz də dövlət başçısının bu çağırışını rəhbər tutaraq müxtəlif platformalarda məsələni qaldırırıq.
“Son 5 ildə ictimai iştirakçılıqla bağlı xeyli sayda layihə icraçısı kimi və eyni zamanda ictimaishura.az platformasının yaradıcısı kimi dəfələrlə qurumlarda ictimai şuraların yaradılması və fəaliyyət sahəsinin genişləndirlməsi ilə bağlı çıxışlar etmişəm, çünki Cənab Prezidentin imzaladığı bir çox fəaliyyət proqramları bunu tələb edirdi.
Bu məsələni bir çox qurumlardan tələb etdiyim üçün bəzən də dolayısı ilə də təzyiqlərə məruz qalmışam.” 


Ekspert bu baxımdan Maliyyə Nazirliyinin atdığı son addımı — Nazirlik yanında İctimai Şuranın yaradılması — daha bir mərkəzi icra hakimiyyəti orqanı ilə –vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı üçün çox yaxşı nümunə olduğunu qeyd edib. “Bu addımı alqışlayıram. Maliyyə Nazirliyinin ictimai iştirakçılığa önəm verməsi təqdirəlayiqdir. Bu qərar nazirliyin vətəndaş cəmiyyətinə yeni və daha açıq yanaşmasının göstəricisi kimi dəyərləndirilməlidir.
Ötən dövrdə apardığımız müzakirələr də bir daha göstərdi ki, Maliyyə Nazirliyi spesifik mərkəzi icra hakimiyyəti orqanı olmasına baxmayaraq, gələcək illərdə də bu sahədə əməkdaşlığın genişləndirilməsini və ictimai iştirakçılığın artırılmasını nəzərdə tutur.”


“Yeni seçilən ictimai şura üzvlərini təbrik edir və uğurlar arzu edirəm. İnanıram ki, sahə üzrə peşəkar insanların seçildiyi ictimai şuranın fəaliyyəti uğurlu olacaq” - deyə QHT rəhbəri qeyd edib.