Baku TV-yə danışan “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, bölgələrdə idarəetmə keyfiyyətinin artırılması üçün həm struktur, həm də kadr islahatlarına ciddi ehtiyac var.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, son beş il ərzində ölkənin müxtəlif rayonlarında - o cümlədən işğaldan azad edilmiş ərazilərdə - həyata keçirilən layihələr sahibkarların real vəziyyətini görməyə imkan verib:

“Bir çox sahibkarların problemləri hələ də qalır. Bakı şəhərində mərkəzi dövlət qurumları yaxın olduğundan sahibkar şikayətini daha rahat bildirə bilir. Lakin rayonlarda vəziyyət fərqlidir, çünki orada həm kadr çatışmazlığı, həm də idarəetmədə geri qalmış yanaşmalar müşahidə olunur”.

Ruslan Atakişiyev qeyd edib ki, bölgələrdə yaxşı, savadlı kadr tapmaq çətinləşib:

“Bir çox rayonlarda uçot və idarəetmə sahəsində islahatlar apararkən gördük ki, ali təhsilli mütəxəssis tapmaq çox çətin olur. Gənclər ya böyük şəhərlərə, ya da xaricə üz tutur. Bu da yerli idarəetmədə ciddi boşluq yaradır. Müəssisələrin fəaliyyətinə təsir edən xarici mühitə yalnız icra hakimiyyəti deyil, həm də bələdiyyələr, nazirliklərin regional şöbələri və müxtəlif dövlət qurumları daxildir. Bu strukturlaşma sahibkarların gündəlik fəaliyyətində çoxsaylı əlaqə nöqtələri yaradır və bu, bəzən prosesləri çətinləşdirir".

QHT sədri bölgələrdə müşahidə olunan psixoloji və idarəetmə problemlərinə də diqqət çəkib:

“Məsələn, ümumi toplantı keçiriləndə sahibkarların əksəriyyəti açıq danışmaqdan çəkinir. Qorxu ondadır ki, şikayətdən sonra həmin sahibkarın fəaliyyəti ilə bağlı süni maneələr yaradıla bilər. Bu isə sağlam idarəetmə mühiti üçün ciddi problemdir. İctimai nəzarətin effektiv tətbiqi üçün şəffaflıq, sahibkar-məmur münasibətlərində inamsızlığın aradan qaldırılması, kadr potensialının gücləndirilməsi və yerli idarəetmədə hesabatlılığın artırılması əsas prioritetlər olmalıdır".

 

Pərvanə Fərhadqızı