ABŞ-nin Yale Universitetinin alimləri ürəyin daxilində yerləşən və ürəyin fəaliyyətini tənzimləyən xüsusi sinir hüceyrələri şəbəkəsini aşkar ediblər.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, elmi ictimaiyyətdə böyük maraq doğuran araşdırmanın nəticələri nüfuzlu "Cell" jurnalında dərc olunub.
Belə ki, tədqiqat ürəyin yalnız beyindən gələn siqnallarla idarə olunmadığını, eyni zamanda öz daxilində də mürəkkəb idarəetmə sisteminə malik olduğunu göstərir.
Araşdırmaya əsasən, alimlərin "ürəyin gizli beyni" adlandırdığı bu sistem müxtəlif funksiyaları yerinə yetirən neyronlardan ibarətdir. Müəyyən edilən Npy+ neyronları ürək döyüntüsünün ritmini tənzimləyir, Ddah1+ neyronları isə orqanizmin fiziki və fizioloji stress vəziyyətlərində ürəyi qorumağa kömək edir. Bu mexanizmlər ürəyin xarici təsirlərə daha çevik uyğunlaşmasına imkan yaradır.
Mütəxəssislərin sözlərinə görə, bu kəşf ürək-damar xəstəliklərinin yaranma mexanizmlərinin daha dərindən öyrənilməsinə şərait yaradacaq. Xüsusilə ritm pozğunluqları, ürək çatışmazlığı və digər kardioloji problemlərin müalicəsində yeni üsulların hazırlanmasına töhfə verə biləcəyi bildirilir.
Əslində alimlər uzun illərdir ürəkdə sinir hüceyrələrinin mövcud olduğunu bilirdilər. Lakin yeni tədqiqat həmin sinir şəbəkəsinin düşünüldüyündən daha mürəkkəb olduğunu və ürək fəaliyyətinə müstəqil şəkildə təsir göstərə bildiyini ortaya qoyub. Bu səbəbdən tədqiqat elm dünyasında mühüm addım kimi qiymətləndirilir.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcək araşdırmalar bu sinir sisteminin daha dəqiq öyrənilməsinə və ürək xəstəliklərinə qarşı daha effektiv müalicə üsullarının hazırlanmasına imkan verəcək. Onların fikrincə, ürəyin "gizli beyni" ilə bağlı yeni biliklər kardiologiya sahəsində tamamilə yeni müalicə yanaşmalarının əsasını qoya bilər.
Fatimə Məmmədova












