Avqustun 1-nə Azərbaycanda biznes kredit portfeli üzrə aylıq azalma, illik isə artım qeydə alınıb. Məsələ ilə bağlı İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a münasibət bildirib.
Professorun sözlərinə görə, kredit portfelindəki dəyişikliklərə yalnız rəqəmlərlə deyil, həm də struktur baxımından yanaşmaq lazımdır:
“Biznes kredit portfelindəki göstəricilərə nəzər yetirdikdə onların bir hissəsi birbaşa əlavə dəyərin formalaşdırılmasına yönəlir ki, bu da ölkə iqtisadiyyatının inkişafı baxımından olduqca önəmlidir. Lakin bir sıra istiqamətlər idxalla bağlı ola bilər ki, onların payının artması iqtisadiyyata təzyiq göstərə bilər”.
E. Məmmədov hesab edir ki, əsas diqqət istehsal və qeyri-xammal sektorunun inkişafına yönəlməlidir:
“Prioritetdə əlavə dəyərin yaradılması ilə bağlı olan istehsal sahələri olmalıdır. Bu istiqamətdə görüləcək işlər iqtisadiyyatın şaxələndirilməsinə xidmət edəcək. Dövlətin məşğulluq sahəsində həyata keçirdiyi aktiv sosial siyasət biznes tərəfindən də dəstəklənməlidir”.
İqtisadçı əlavə edib ki, kredit portfelinin daha əlçatan olması daxili özəl investisiyaların inkişafını sürətləndirəcək:
“Bu, təkcə iqtisadi hədəflərin deyil, həm də sosial məqsədlərin reallaşmasına şərait yaradacaq”.
Pərvanə Fərhadqızı












