İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında ölkədə kredit portfellərinin həcminin artmasına münasibət bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə kredit portfellərinin böyüməsi iqtisadi aktivliyin artması ilə bağlıdır:
"Rəqəmlərdən də görsəndiyi kimi, ölkəmizdə kredit portfellərinin həcmi artıb. Bu, həm inflyasiya fonunda, həm də iqtisadi aktivliyin yüksəlməsi ilə bağlıdır. Burada borclanmanın artmasını müşahidə edirik. Portfel artımı yalnız özəl sektora aid deyil, dövlət qurumları və şirkətləri də bu artımda rol oynayır. Böyük şirkətlərin dövriyyələri böyük olduqda, onların əldə etdiyi kreditlər və maliyyələr də daha çox olur ki, bu da portfeli artırır."
Ekspert bildirib ki, mikro və kiçik sahibkarların kredit borclanması xüsusilə nəzərə çarpır:
"Mikro sahibkarlar daha fəal işləyir, işlərini genişləndirmək istəyirlər. Eyni zamanda bəzi hallarda banklar istehlak kreditlərini biznes kreditləri kimi qeyd edirlər ki, bu da rəqəmləri süni şəkildə artırır. Ümumiyyətlə, kreditlərin artması iqtisadi aktivliyə müsbət təsir göstərir, lakin vaxtında qaytarılmaması müəyyən çətinliklər də yarada bilər."
Pərvanə Fərhadqızı












