Hemofiliya və digər qan laxtalanma pozuntularının müalicəsində tibb bacılarının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə regionlarda elmi-praktik seminarlar keçirilib.

QHT.az xəbər verir ki, tədbirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” layihəsi çərçivəsində təşkil olunub.

Seminarlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında, Sumqayıt Tibb Mərkəzində və Quba Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

Layihənin əsas məqsədi hemofiliya və digər hemostaz pozuntularının müasir müalicəsi ilə bağlı həkim və orta tibb işçilərinin bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübəyə əsaslanan müalicə və profilaktika modellərinin, o cümlədən ev şəraitində müalicənin təşviq edilməsidir.

Tədbirlərdə hemofiliyanın multidissiplinar müalicəsi, evdə müalicə modelinin üstünlükləri, tibb bacılarının müalicə prosesində rolu, həmçinin xarici və daxili qanaxmalar zamanı təcili tibbi yardım məsələləri müzakirə olunub.

Seminarların praktiki hissəsində qanaxmaların qarşısının alınması və ilkin müdaxilə üsulları nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Gəncədə keçirilən tədbir çərçivəsində fizioterapiya şöbəsinə baxış keçirilib və hemofiliya nəticəsində yaranan fəsadların aradan qaldırılmasında fizioterapiyanın rolu müzakirə edilib.

Layihə çərçivəsində regionlarda seminarlar başa çatdıqdan sonra Bakıda geniş tərkibli hesabat konfransının keçirilməsi planlaşdırılır. Konfransda hemofiliyanın müalicəsində aktual məsələlər müzakirə ediləcək və hazırlanacaq təkliflər paketi aidiyyəti dövlət səhiyyə qurumlarına təqdim olunacaq.

Layihənin regionlarda çalışan tibb personalının peşəkar hazırlığının gücləndirilməsinə və hemofiliyalı pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verməsi nəzərdə tutulur.