Sadə görünən infeksiyalar bəzi hallarda qısa müddətdə ağırlaşaraq sepsisə səbəb ola bilər. Şüur bulanıqlığı, sidik miqdarının azalması, tənəffüs çətinliyi və ümumi vəziyyətin qəfil pisləşməsi sepsisin əsas xəbərdaredici əlamətləri sırasında göstərilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, sepsis orqanizmin infeksiyaya qarşı verdiyi həddindən artıq reaksiyası nəticəsində yaranan və həyati orqanların fəaliyyətinin pozulmasına gətirib çıxara bilən ciddi vəziyyətdir.

İnfeksion xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Dos. Dr. Hüsrev Diktaşın sözlərinə görə, sidik yolları, bağırsaq və boğaz infeksiyaları da sepsisə səbəb ola bilər.

Mütəxəssis sepsisdə vaxt itirmədən tibbi yardım göstərilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

“Erkən dövrdə diaqnoz qoyulması və müalicəyə başlanılması həyat qurtarıcıdır”, – deyə Hüsrev Diktaş bildirib.

Mütəxəssislər xüsusilə infeksiya fonunda şüurda dəyişiklik, nəfəs almaqda çətinlik, sidik ifrazının azalması və ümumi vəziyyətin sürətlə pisləşməsi müşahidə edilərsə, vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.

Sepsis təcili tibbi müdaxilə tələb edən vəziyyət olduğundan, əlamətlərin ağırlaşmasını gözləmək ciddi nəticələrə səbəb ola bilər.