Azərbaycan Turizm və Menecment Universitetində Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşrinin təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, noyabrın 27-də Azərbaycan Turizm və Menecment Universitetində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının təqdimatı keçirilib. Tədbirdə Universitetin 54 tələbəsi və müəllim heyəti iştirak edib.
Təqdim olunan kitabda Prezident İlham Əliyevin beynəlxalq hüquq və dövlətçilik prinsiplərinə əsaslanan mövqeyi, güclü ordu quruculuğu, ölkənin iqtisadi-siyasi inkişafı, diplomatik fəaliyyət və əsas həlledici amillər haqqında məlumatlar yer alır. Müəllif tərəfindən 2016-cı ilin Aprel döyüşləri və zəfər ilə başa çatan 44 günlük Vətən müharibəsi xalqın iradəsi, ordunun qüdrəti və Ali Baş Komandanın liderliyinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Kitabda müharibənin hüquqi əsasları, beynəlxalq-siyasi paralellər və tarixi şəxsiyyətlərin yanaşmaları müqayisəli şəkildə təhlil olunur.












