Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin "Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" adlı yeni kitabı 24-25 noyabr tarixlərində Gəncə şəhərinin müxtəlif nüfuzlu ali təhsil və elmi müəssisələrində təqdim edilib.
QHT.az xəbər verir ki, kitab, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin ümumilikdə 290 tələbə və müəllimi arasında böyük maraq doğurub.
Kitabda prezident İlham Əliyevin xalqa müraciətləri və çıxışlarında irəli sürdüyü əsaslı hüquqi və siyasi fikirlərin təhlili yer alır. Müəllif, ölkə başçısının beynəlxalq hüquq və normativ sənədlər əsasında verdiyi mesajları diqqətlə təhlil edərək, onların BMT-nin Nizamnaməsi, beynəlxalq insan hüquqları, humanitar hüquq və digər beynəlxalq müqavilələrlə necə əlaqələndiyini göstərib.
Kitabda həmçinin, münaqişələrin sülh yolu ilə həlli, təcavüzə qarşı mübarizə və müharibə zamanı diplomatik bacarıqların vacibliyi mövzularına da toxunulub. İlham Əliyevin, müharibə dövründəki fəaliyyətinin tarixdəki böyük liderlərlə - Vudro Vilson, Uinston Cörçill, Çingizxan və digər tanınmış simalarla strateji düşüncə və hərbi rəhbərlikdəki təcrübələrini, eyni zamanda qədim və müasir ideologiyaları, dini və fəlsəfi irsə əsaslanaraq təhlil edib.












