AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı oxuculara təqdim olunub.

QHT.az xəbər verir ki, noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı geniş oxucu kütləsinə təqdim olunub.

Kitabda 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin diplomatik, hüquqi, siyasi, mənəvi aspektləri, təcavüzə qarşı mübarizə, hərbi əməliyyatların aparılma prinsipləri geniş şəkildə təhlil edilir. Prezident İlham Əliyevin bu sahədəki ideyaları və liderlik fəaliyyəti müxtəlif tarixi dövrlərdə baş vermiş hadisələrlə müqayisə olunur.

Həmçinin, nəşrdə Prezidentin təcavüzkara qarşı vaxtında mübarizə aparmaq, Vətənin müdafiəsi və Ali Baş Komandan kimi fəaliyyəti dünya siyasi və hərbi liderlərinin baxışları, filosofların fikirləri ilə paralel şəkildə izah edilir.

Tədbirdə Elmi Mərkəzin və müxtəlif dövlət qurumlarının ümumilikdə 40 əməkdaşı iştirak edib.