Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yerli QHT rəhbərlərini qəbul edib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, görüş zamanı nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda müzakirə olunan məsələlər, forumun məqsədləri və əldə edilən nəticələr barədə geniş məlumat verib.

QHT təmsilçiləri bildiriblər ki, forumun əsas hədəfi vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi, təşkilatlararası əlaqələrin genişləndirilməsi və sosial layihələrin effektiv koordinasiyasıdır. Onlar ictimai iştirakçılığın artırılması, regional təşəbbüslərin dəstəklənməsi və icmaların inkişafı kimi mövzuların forumda xüsusi müzakirə olunduğunu vurğulayıblar.

İlqar Mahmudov Qubada icra olunan sosial layihələr barədə məlumat verərək yerli QHT-lərlə əməkdaşlığın vacibliyini qeyd edib və birgə fəaliyyət üçün geniş imkanların mövcud olduğunu bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və tərəflər gələcək sosial təşəbbüslərdə əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.