İndoneziyanın Batam adasındakı gəmiqayırma zavodunda xam palma yağı daşıyan tankerdə baş verən yanğın və partlayış nəticəsində azı 10 nəfər həlak olub, 21 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, Associated Press-in məlumatına görə, hadisə Riau əyalətinin Tanjunqunkanq dəniz limanında təmir işləri aparılan gəmidə baş verib. Polis rəisi Asep Safrudin bildirib ki, yanğın gəminin yanacaq çənində baş verib və güclü partlayışa səbəb olub.
Yaralılardan dördünün vəziyyəti ağırdır. 2009-cu ildə inşa edilmiş bu gəmidə iyun ayında da oxşar qəza nəticəsində 4 nəfər ölmüş, 5 nəfər yaralanmışdı. İlkin ehtimallara görə, yanğına qaynaq işlərindən çıxan qığılcımlar səbəb olub. Səlahiyyətlilər hadisənin səbəblərini və gəmiqayırma zavodunun səhlənkarlığının olub-olmadığını araşdırır.
R.İmanov












