İstirahət zamanı yaranan ayaq ağrısı, xüsusilə periferik arter xəstəliyinin əlaməti ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Kardiologiya mütəxəssisi Dos. Dr. Fatih Güngören periferik arter xəstəliyinin damar divarında plakların yaranması və damarların daralması nəticəsində, əsasən ayaqlar olmaqla, ətraflara gedən qan axınının azalması ilə meydana gəldiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, ayaqlarda ağrının yalnız hərəkət zamanı deyil, istirahət vəziyyətində də ortaya çıxması qan dövranının ciddi şəkildə pozulmasına işarə edə bilər.

Periferik arter xəstəliyində ayaqlarda ağrı, soyuqluq, keyimə, yeriyərkən yaranan və istirahətlə keçən ağrı, daha ağır hallarda isə istirahət zamanı davam edən ağrı müşahidə oluna bilər.

Həkimlər xüsusilə davamlı və səbəbi bilinməyən ayaq ağrılarının diqqətdən kənarda saxlanılmamasını və damar sağlamlığının mütəxəssis tərəfindən qiymətləndirilməsini tövsiyə edirlər.