Bakıda metro şəbəkəsinin gələcək inkişafı ilə bağlı yeni istiqamətlərin müəyyənləşdirilməsi nəqliyyat sistemində alternativlərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə şəhərin kənar ərazilərinin və Sumqayıt istiqamətinin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyası sərnişinlərin hərəkət imkanlarını genişləndirə bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov QHT.az-a açıqlamasında metro şəbəkəsinin gələcəkdə Sulutəpə, Xırdalan, Müşviq qəsəbəsi, Ceyranbatan qəsəbəsi və Sumqayıt şəhərini əhatə edən vahid sistem kimi formalaşdırılmasının vacibliyini bildirib.

Ekspertin sözlərinə görə, hazırkı layihə tam formalaşmış nəqliyyat şəbəkəsinin yalnız bir hissəsi kimi qiymətləndirilə bilər. Onun fikrincə, gələcəkdə metro öz şəbəkəsini daha geniş ərazi üzrə qurmalı və digər nəqliyyat vasitələri ilə koordinasiyalı fəaliyyət göstərməlidir.

“Metronun özəlliyi onun çoxşaxəli və koordinasiyalı şəkildə istifadəsindədir. Nəqliyyat vasitələrinin qarşılıqlı əlaqəsi, təması və funksionallığı vahid nəqliyyat sisteminin əsas elementləridir. Bunların hamısı bir-biri ilə koordinasiyalı şəkildə həll olunmalıdır”, – deyə Aslan Əsədov qeyd edib.

Ekspert bildirib ki, nəqliyyat vasitələri arasında düzgün əlaqənin qurulması ümumi sistemin funksionallığını və rentabelliyini artırmaqla yanaşı, sərnişinlər üçün alternativ hərəkət imkanları da yarada bilər.

“Alternativ harada varsa, orada inkişaf var. Alternativ harada varsa, üstünlük var. Alternativ harada varsa, qarşılıqlı təhlükəsiz və rahat yol var. Bunlar bir-biri ilə qarşılıqlı koordinasiyalı həll yoludur”, – deyə ekspert əlavə edib.

 

Zəhra Ağayeva