Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin Prezidenti İlqar Hüseynli “Diplomats of Shame” başlığı ilə xarici diplomatların hədəfə alınmasını siyasi etiketləmə kimi qiymətləndirib.
QHT.az xəbər verir ki, İlqar Hüseynli bildirib ki, sözügedən ifadə diplomatik fəaliyyətin obyektiv qiymətləndirilməsini əks etdirmir. Onun sözlərinə görə, diplomatiyada mövqelərin toqquşması və dövlətlərin yanaşmalarının fərqli olması təbiidir, lakin xarici diplomatların kollektiv şəkildə hədəfə alınması beynəlxalq dialoqa və peşəkar diplomatik etikaya xidmət etmir.
“Xarici diplomatlar məhz Azərbaycanın suveren ərazilərinə səfər ediblər və bu, beynəlxalq hüquq prinsiplərinə uyğun diplomatik davranışdır. Bu səfər Azərbaycan və Ermənistan arasında sülh quruculuğuna xələl gətirəcək səbəb ola bilməz”, – deyə İlqar Hüseynli qeyd edib.
QHT rəhbəri ermənilərin sosial platformalarda qondarma “Artsax” ritorikası altında aktivləşməsinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.
İlqar Hüseynlinin fikrincə, Azərbaycanın mövqeyinin əsas üstünlüklərindən biri Bakının xarici siyasətini kənardan verilən siyasi qiymətləndirmələrə deyil, milli maraqlara, suverenliyə, regional əməkdaşlığa və dialoqa əsaslandırdığını açıq şəkildə bəyan etməsidir.
“Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlamalarında da məhz bu xətt – müstəqil xarici siyasət, regional məsuliyyət və tərəfdaşlıq – ardıcıl şəkildə ifadə olunur”, – deyə İctimai Birliyin Prezidenti əlavə edib.












