Avropa İttifaqında (Aİ) Tesla-nın nəzarətli Tam Avtonom Sürüş (FSD) sisteminə icazə verilməsi ilə bağlı gözlənilən səsvermə oktyabrdan dekabra təxirə salınıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Aİ-nin gündəliyinə əsasən, oktyabrın 6-da keçiriləcək Motorlu Nəqliyyat Vasitələri üzrə Texniki Komitənin iclasında Tesla-nın müraciəti ilə bağlı yalnız müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Tesla sentyabrın 1-də səsvermənin oktyabrın 6-da keçirilə biləcəyini açıqlamışdı. Lakin növbəti komitə iclasının dekabrda keçirilməsi planlaşdırılır və mövcud gündəliyə əsasən səsvermə üçün ən erkən tarix də həmin ay olacaq.
FSD sisteminin Aİ üzrə istifadəsinə icazə verilməsi üçün 27 üzv ölkədən ən azı 15-nin və Aİ əhalisinin 65 faizini təmsil edən ölkələrin dəstəyi tələb olunur.
Tesla FSD sisteminin təsdiqlənməsinin Avropada satışların artırılması və Çin elektrik avtomobili istehsalçıları ilə rəqabətdə bazar payının bərpası baxımından əhəmiyyətli olduğunu bildirir.
Zəhra Mansırova












