Ağciyərlər gün ərzində təxminən 10 min litr hava ilə təmasda olur. Mütəxəssislər hava çirkliliyi, siqaret tüstüsü və kanserogen maddələrdən uzaq durmağın ağciyər xəstəliklərinin əhəmiyyətli hissəsinin qarşısının alınmasında mühüm rol oynadığını bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Pulmonoloq Prof. Dr. Şevket Özkaya 25 sentyabr – Dünya Ağciyər Günü ilə əlaqədar ağciyər sağlamlığının əhəmiyyətinə diqqət çəkib.
Onun sözlərinə görə, ağciyər xərçəngi, astma, KOAH, vərəm, aşağı tənəffüs yollarının infeksiyaları, pnevmoniya və COVID-19 dünyada ölümə səbəb olan əsas xəstəliklər sırasındadır.
Prof. Dr. Özkaya qeyd edib ki, insan gündə orta hesabla 20 min dəfə nəfəs alır və hər nəfəsdə təxminən 500 millilitr hava ağciyərlərə daxil olur. Bu isə sutka ərzində təxminən 10 min litr havanın ağciyərlərdən keçməsi deməkdir.
Mütəxəssis bildirib ki, hava ilə birlikdə ağciyərlərə bakteriyalar, allergenlər, siqaret tüstüsü, toz, viruslar və müxtəlif kanserogen maddələr də daxil ola bilər.
O, ağciyər xəstəliklərinin riskini azaltmaq üçün hava çirkliliyindən, siqaretdən və kanserogen maddələrə məruz qalmaqdan mümkün qədər uzaq durmağın vacib olduğunu vurğulayıb.












