Wikimedia Fondunun baş direktoru Bernadette Meehan süni intellektin informasiya ekosisteminə mümkün təhlükələri barədə danışıb. O, qabaqcıl süni intellekt şirkətlərini “əjdaha”ya bənzədərək, onların gələcəkdə məlumat və biliklərə ciddi təsir göstərə biləcəyini bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Meehan bu fikirləri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən Devex Impact House tədbirində səsləndirib. Onun sözlərinə görə, informasiya dünyası sürətlə süni intellektə doğru dəyişir və bu şəraitdə Wikipedia-nın məlumatların yoxlanılması prinsipləri daha da əhəmiyyət qazanır.

Meehan qeyd edib ki, Wikimedia Fondunun konkret sahibi və kommersiya gündəliyi yoxdur. O bildirib ki, böyük süni intellekt şirkətlərində isə belə vəziyyət mövcud deyil.

Wikimedia rəhbəri həmçinin az sayda şirkət və şəxsin hansı məlumatların dəyərli hesab edilməsinə təsir göstərməsinin risklərini vurğulayıb. O, xüsusilə dominant olmayan dillərin və kommersiya baxımından cəlbedici sayılmayan icmaların biliklərinin süni intellekt sistemlərində kifayət qədər təmsil olunmamasından narahatlığını ifadə edib.