Meta süni intellekt strategiyasını genişləndirərək Muse agentinin inteqrasiya olunduğu yeni cihazlarını təqdim edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin rəhbəri Mark Zukerberq və digər yöneticilər “Connect” tədbirində süni intellekt vizyonunu açıqlayıb. Təqdim olunan məhsullar arasında yüngül virtual reallıq eynəkləri, kamerasız Ray-Ban eynəkləri və Muse ilə əlaqə yaratmaq üçün nəzərdə tutulan kiçik “Muse Charm” cihazı yer alıb.

Meta Muse-u telefon, kompüter və eynəklər daxil olmaqla müxtəlif cihazların mərkəzində yerləşdirməyi planlaşdırır. Süni intellekt agenti istifadəçilərə faylları, mesajları və təqvimləri idarə etmək, eləcə də Mac kompüterlərdə onların adından tətbiqləri işlətmək imkanı verəcək.

Muse həmçinin Walmart, GameStop, Gap və Wayfair kimi platformalarda alış-verişə dəstək göstərəcək. İstifadəçilər süni intellekt agentindən məhsulları axtarmağı və onlar üçün alış həyata keçirməyi xahiş edə biləcəklər.

Meta Muse ilə işləyən yeni eynəklərin e-poçt yazmaq, sənəd redaktə etmək və görüş planlaşdırmaq kimi tapşırıqları yerinə yetirə biləcəyini açıqlayıb. Şirkət cihazların yaz aylarında 1 299 dollardan satışa çıxacağını bildirib.

Bununla yanaşı, Meta kamerasız yeni Ray-Ban modelini də təqdim edib. Yalnız səs funksiyalarını dəstəkləyən eynəklər 13 oktyabrda 349 dollardan satışa çıxacaq. Kameralı Ray-Ban Meta Gen 3 isə 449 dollardan başlayacaq.

Şirkət eynəklərdən istifadə etmək istəməyənlər üçün “Muse Charm” adlı açarlıq ölçülü cihaz da hazırlayır. Bu cihaz vasitəsilə telefonun kilidini açmadan və ya tətbiqə daxil olmadan Muse ilə danışmaq mümkün olacaq.

Meta-nın süni intellekt məhsulları ilə bağlı məxfilik narahatlıqları isə davam edir. Şirkətin əvvəlki süni intellekt eynəkləri istifadəçiləri icazəsiz qeydə alma imkanlarına görə tənqid olunub.

Bazar araşdırma şirkəti Sensor Tower-ın məlumatına görə, Muse istifadəyə verildikdən sonra 2,5 milyondan çox dəfə yüklənib. Zukerberq isə qarşıdakı illərdə milyardlarla insanın Muse-dan istifadə edəcəyini gözlədiyini bildirib.

Zəhra Mansırova