25 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Agentlik tərəfindən hazırlanmış “Şəhidə məktub” videoçarxı nümayiş olunub.
QHT Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı, Müşahidə Şurasının üzvü Xatirə Vəliyeva çıxışlarında Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycan dövlətinin və xalqının sarsılmaz iradəsinin təntənəsi olduğunu vurğulayıblar.
Müzakirələr zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı Zəfərdən, şəhidlərimizin müqəddəs irsinin qorunmasından və şəhid ailələri ilə aparılan işlərin əhəmiyyətindən bəhs edilib.
Tədbirdə şəhid ailələri və müharibə veteranları ilə sıx əməkdaşlıq edən QHT-lərin nümayəndələri 44 günlük Vətən müharibəsi ilə bağlı fikirlərini, yaşadıqları duyğuları və təkliflərini bölüşüblər.
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi də görüşdə iştirak edib. Təşkilat görüşdə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB-nin nümayəndəsi Nigar Nəhdıyeva təmsil edib.
İctimai Birlik bildirib ki, onlar üçün Anım Günü yalnız tarix deyil. Bu gün şəhidlərimizin qarşısında mənəvi borcumuzu bir daha xatırladığımız, onların əziz xatirəsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq məsuliyyətimizi dərk etdiyimiz müqəddəs gündür.
Şəhidlərimizin adı, qəhrəmanlığı və Vətən uğrunda göstərdikləri fədakarlıq daim yaşayacaq!
Şəhidlər ölməz, Vətən bölünməz!
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB












