“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Şuşa şəhərində davam etdirib.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Bu layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunacaq.

Növbəti maarifləndirmə tədbiri Şuşa şəhərində 1 saylı tam orta məktəbində keçirildi. İlk olaraq Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edildi. Tədbirdə müəllimlər və şagirdlər iştirak edirdi. Ümumilikdə 101 nəfər tədbirdə iştirak edirdi.

Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə və digər zəruri məsələlərə dair ətraflı məlumat verilmişdir. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilmişdir.

Tədbir iştirakçıları və məktəbin müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə, layihənin donorlarına minnətdarlığını bildirdilər.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Xocavənd və Şuşa rayonlarında təşkil olunmuş tədbirlərdə göstərdikləri diqqətə və köməyə görə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli, Xocavənd və Şuşa rayonlarındakı xüsusi nümayəndəliklərinə, Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə öz minnətdarlığını bildirir.

Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcər rayonlarında həyata keçiriləcək.