Xəzər dənizi və ətraf ərazilərdə zaman-zaman qeydə alınan zəif yeraltı təkanlar narahatlıq doğursa da, onların böyük dağıdıcı gücə malik olmadığı bildirilir.

Ekoloq Qorxmaz İbrahimli QHT.az-a açıqlamasında bildirib ki, Xəzər dənizi ətrafında, eləcə də Böyük və Kiçik Qafqaz bölgələrində gündəlik zəif təkanlar müşahidə olunur:

“Xəzər dənizində, Azərbaycan ərazisində gündəlik titrəyişlər olur. Böyük və Kiçik Qafqazda da hər gün zəlzələlər qeydə alınır. Lakin bunlar əsasən 3-3,5 bal gücündə olan zəif təkanlardır və ciddi dağıdıcı təsirə malik deyil. Bəzən bu təkanlar ümumiyyətlə hiss olunmur”.

Ekoloq qeyd edib ki, bu cür zəif təkanların öz-özlüyündə ciddi təhlükə yaratması barədə narahatlığa əsas yoxdur.

Qorxmaz İbrahimli tikililərin zəlzələyə davamlılığı məsələsinə də toxunaraq deyib ki, normativlərə uyğun inşa edilmiş binalar müəyyən seysmik yüklərə hesablanır:

“Allahın şükür, tikililərimiz səkkiz bala qədər hesablanıb. Lakin normativlərdən kənar, qanunsuz və keyfiyyətsiz tikililər hər zaman təhlükə yarada bilər”.


Zəhra Ağayeva