Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin qarşıdan gələn payız sessiyası öncəsi vətəndaş qəbulu keçirib.
Qəbulda ayrı-ayrı vətəndaş cəmiyyəti institutlarını təmsil edən tanınmış aydınlar, təşkilat rəhbərləri, dövlət təltiflərinə layiq görülmüş aydınlar, eləcə də müxtəlif fəaliyyət sahələrini təmsil edən vətəndaşlar iştirak edib.
Görüş zamanı vətəndaşların müraciətləri, qayğıları, təklif və təşəbbüsləri ətraflı dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qəbulda, həmçinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, bu sahəni tənzimləyən müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi imkanları, dövlət–vətəndaş cəmiyyəti münasibətlərinin inkişafı, qeyri-hökumət təşkilatlarının ictimai proseslərdə yeri və rolu ilə bağlı fikir və təkliflər səsləndirilib.
Cəmiyyəti maraqlandıran müxtəlif məsələlərə və çağırışlara vətəndaş cəmiyyəti institutlarının münasibəti, ictimai təşəbbüslərin təşviqi, dövlət qurumları ilə QHT-lər arasında səmərəli əməkdaşlıq imkanlarının genişləndirilməsi də görüşdə toxunulan mövzular sırasında olub.
Komitə sədri Fazil Mustafa qəbul iştirakçılarının qaldırdığı məsələlərə münasibət bildirib, ayrı-ayrı təkliflərlə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, vətəndaşların, o cümlədən vətəndaş cəmiyyəti institutları nümayəndələrinin müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə nəzərdən keçirilir. Həlli aidiyyəti dövlət orqanlarının səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı müvafiq qurumlara rəsmi müraciətlər göndərilir, zəruri hallarda qaldırılan məsələlərin mümkün həll yollarının müəyyənləşdirilməsi üçün əlaqədar dövlət qurumları ilə iş aparılır.
Fazil Mustafa vurğulayıb ki, vətəndaşlarla birbaşa ünsiyyət cəmiyyətdə mövcud olan aktual məsələlərin, yeni təşəbbüs və təkliflərin öyrənilməsi baxımından da önəmlidir. Bu mənada vətəndaş qəbulları parlament–vətəndaş, dövlət–vətəndaş cəmiyyəti dialoqunun praktik platformalarından biri kimi önəm daşıyır.
Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyəti institutları ilə bağlı qanunvericilik məsələləri, habelə qarşıdakı payız sessiyasında bu istiqamətdə görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.
Qəbul zamanı səsləndirilən müraciət, təklif və təşəbbüslərin müvafiq qaydada araşdırılacağı, zəruri hallarda aidiyyəti dövlət qurumlarına məktublar göndəriləcəyi bildirilib.












